Facebook Instagram

Anasının qisasını başqalarından alan manyakın hekayəti...

Xalid Kazımlı

İnsan psixikasını, kriminal ünsürlərin davranışlarını öyrənən müasir elmlər sübut edir ki, manyaklar durduqları yerdə, ciddi səbəblər olmadan manyak olmur, onları buna daha çox uşaqlıqda aldıqları sağalmaz psixoloji travmalar, bəd xassəli yaşantılar vadar edir.
Uşaqlıqda, yeniyetməlikdə cinsi zorakılığa məruz qalan şəxsin böyüyüb gücləndikdən sonra zorakı manyaka çevrilməsi, ya qadınları silsiləvi şəkildə zorlayan biri, ya da gözünə kəsdirdiyi insanları öldürən qatil olması ehtimalı sağlam böyüyən insanlara nisbətən qat-qat çoxdur.
Ailəiçi qovğalar, fiziki təzyiqlərlə müşayiət olunan dava-dalaşlar mühitində böyüyən şəxslərin də gələcəkdə qəddar ailə başçısı olması daha yayğın hadisədir.
Bu üzdəndir ki, düz-dünya manyaklarla doludur, onlar az qala hər qəsəbədə, hər kənddə, hər məhəllədə var. Nə qədər ki, yer üzündə məişət qovğaları, müharibələr, məhrumiyyətlər, zorakılıqlar, zalımlıqlar baş alıb gedir, hiddət və nifrət duyğusu, qisas almaq və həzz duymaq ehtirası psixikasını zədələmiş manyaklar da olacaq.

Ən pisi odur ki, manyaklar üçün kimin günahkar, kimin məsum olmasının fərqi, önəmi yoxdur. Onlar yollarının üstünə çıxan, onlara mane olmağa çalışan istənilən şəxsi öldürə, şikəst edə bilərlər.

Con Verdonun "Fikrində bir ədəd tut" romanı o cür manyaklardan biri haqqındadır. 30 yaşlarında bir proqramçı manyak uşaq vaxtı psixoloji travma alıb. Onun içki düşkünü olan polis atası gözünün qarşısında anasını zorlamaq istəyib, müqavimətlə üzləşdikdə, sınıq viski şüşəsi ilə qadının boğaz nahiyəsinə xəsarət yetirib, onu şikəst edib. Hərəkət qabiliyyətini itirən qadını əlillər evinə, zorakı polisi həbsxanaya, kimsəsiz qalmış uşağı isə uşaq evinə yerləşdiriblər. Aradan illər keçib, travmalı uşaq böyüyüb, təhsil alıb, ixtisas yiyəsi olub və bir gün şikəst anasını tapıb..
Ancaq o travmalıdır, uşaq vaxtı gördüyü hadisə onun psixikasını zədələyib. O, 24 il öncə gördüyü dəhşətli səhnəni unuda bilmir, bu illər ərzində qisas hissi ilə yaşayıb, anasına yenidən qovuşandan sonra da bu hiss onu tərk etməyib.
Əgər 24 il öncə o, gücsüz və dünyanı dərk etməyən uşaq idisə, artıq fiziki cəhətdən güclüdür, intellektual səviyyəyə malikdir, müasir texnologiyaları, kriminalistikanı, qanunları bilir. Ancaq beyninin bir guşəsi cızıq val kimi, 24 il öncədə qalıb. İndi o, həmin epizodu yenidən yaşamaq, ancaq bu dəfə ədaləti bərpa etmək, anasını incidən adamı durdurmaq, həyatın axarını dəyişmək fikrindədir. İndi onun topladığı savad və bilgilər yalnız bir şeyə istifadə olunur - qisas almaq. Bəs o, anasının düşdüyü vəziyyətə görə qisası kimdən alacaq? Qəddar atası artıq yoxdur. Amma qisas obyektləri hər halda var. Bunlar içki düşkünləridir. Manyak Dermot onların hamısını yaramaz, amansız ölümə layiq hesab edir. O, bu cür adamların siyahısını tapır və qisas aktlarına başlayır.
Heç tanımadığı adamları boyunlarından güllə ilə vuraraq öldürmək, sonra sınıq viski şüşəsi ilə onların boğazına çoxsaylı zərbə vurmaq ona xüsusi ləzzət verir, o, həmin şəxslərin simasında vaxtilə anasını eyni cür xəsarətə məruz qoyaraq şikəst edən atasının qisasını alır.
Kriminalistlər, xüsusilə də artıq istefada olan detektiv Deyv Qorni itizəkalı manyakı tapmaq, tutmaq, zərərsizləşdirmək üçün çox çalışır, çox baş sındırır, axırda istədiyinə nail olur.

Çünki dünyada elə bir cinayət aktı yoxdur ki, onu qüsursuz şəkildə həyata keçirmək, iz buraxmadan aradan çıxmaq mümkün olsun.
Dermot da ard-arda bənzər qətlləri törətdikcə daha çox iz buraxır və bu izlər sonda Qornini onun evinə gətirir. Məkrli manyak öz evində əsas düşmənlərini - detektivləri girov götürür, üstəlik, ətrafda olan polisləri partladıb havaya uçurmaq üçün tələ qurur, ancaq travmalı insanların psixologiyasından anlayan Qorni son anda vəziyyətdə çıxa, özünün və həmkarının, eləcə də, başqalarının həyatını xilas edə bilir.

Kitabın ümumi məziyyəti ondan ibarətdir ki, rəvan dildə yazılıb, dinamizmi güclüdür, süjet xətti sona qədər dramatikdir. Müəllif həm detektivin, həm də manyakın psixikasına qoşulmağı, onları paralel şəkildə işləməyi bacarıb.