Müasir dövrün ən çox sevilən yazarlarından olan Aysel Əlizadə yeni şeirlər kitabını çapa hazırlayır. Şairə kitabının çapı ilə bağlı TEAS Press Nəşriyyat evinə məxsus "YAY" nəşrləri ilə artıq müqavilə də imzalayıb. Çox maraqlı mövzuları əhatə edən və ədəbi mühitdə ciddi müzakirələrə səbəb olacağı gözlənilən kitaba daxil edilmiş bütün şeirlər ilk dəfə işıq üzü görəcək.
Aysel Əlizadənin "Sənə İsa doğardım", "Olarsa nə gözəl, olmazsa eybi yox" adlı yeni seriyadan olan və sosial şəbəkələrdə yayılaraq ciddi müzakirələrə səbəb olmuş şeirləri də kitaba daxil ediləcək. Yeni şeirlərdə ictimai, sosial, mental və mənəvi məsələlərə toxunulub. Şeirlər daha çox feminist dünyagörüşünü ifadə edir. Qadınların öz azadlığını əldə etmək və qorumaq üçün göstərdiyi dirəniş Aysel Əlizadənin yeni şeirlərinin əsas mövzusunu təşkil edir. Dünyanın ən böyük gücü sayılan sevgi, insan iradəsinə tabe olmayan tək və böyük hiss kimi şeirlərdə fərqli formada təqdim olunur. Belə ki, sevgi orada bəzən köləlik, bəzən azadlıq anlayışı kimi verilir. Aysel Əlizadə öz yaradıcılığında bütün ali hiss və anlayışları birləşdirməyə meyilli bir müəllifdir. Bu, kitaba daxil edilən şeirlərdən də aydın görünür. Müəllif adı da çox iddialı olan yeni kitabının ajiotaj yaradacağına inanır.