Facebook Instagram

Dünyanın “Alatoranlıq” hissəsində fantastik sevgi...

Sevinc Telmanqızı

İndi dünyada "Alatoranlıq" bir fırtına kimi əsir. Daha çox filmləri əksəriyyəti əsir alıb. Amma kitab seriyası haqda da eyni şeyi demək olar. Dünyanın müxtəlif dillərinə tərcümə edilib, təkrar-təkrar nəşr edilib, yeniyetmələr, gənclər arasında çılğıncasına yayılıb. İndi bu kitablardan, filmlərdən məlumatı olmayan çox az adam tapılar.
Filmlərinə baxıb, kitablarını oxumağa ehtiyac görməyənlər üçün zəruri qeydim: oxumasanız, çox şey itirəcəksiz. Çünki oxuyanda keçirdiyin hissi təsvir etməkdə sözlər aciz qalır: həm vahimə, həm maraq, həm də heç bitməsin arzusu...İlk başlarda yeniyetmələrin sevgisindən bəhs edən bir əsər zənn etsən də, daha sonra macəra, həyəcanlı gəlişmələr səni ağuşuna alır. Anlayırsan ki, sən bir fantastik keşməkeşin iştirakçısına çevrilmisən. Əsərin qəhrəmanları olan iki yeniyetməyə - Bella ilə Edvarda inanılmaz dərəcədə azarkeşlik edir, onların saf sevgisini sətir-sətir oxumaqdan məmnunluq duyursan. Amma eyni zamanda narahatsan. Sonu xoş olmayacaq, ikisindən biri məhv olacaq deyə...
"...Bilirdim ki, əgər Forksa getməsəydim, indi bu cür ölümlə üz-üzə qalmazdım. Amma nə qədər məni çulğamış vahimə içində olsam da, bu qərarıma görə təəssüflənə bilmirdim.
Həyat sizə arzularınızdan daha çoxunu veribsə, verdikləri sona çatanda kədərlənmək mənasızdır.
Ovçu dostyana gülümsədi və məni öldürmək üçün irəli gəlməyə başladı..."

Müəllif Stefani Mayer proloqu məhz bu cümlələrlə bitirir. Elə ilk səhifəni çevirəndə anlayırsan ki, səni müdhiş bir macəra gözləyir. Əsər iki yeniyetmənin Bella ilə Edvardın məhəbbətindən bəhs edir. Anası ikinci dəfə ailə həyatı qurduğu üçün polis şefi olan atasının yaşadığı, yağışlı Forks şəhərinə gələn Bella Svon elə gələn gündən bütün həmyaşıd oğlanların göz bəbəyinə çevrilir. Gözəl qız olduğu üçün bir anda diqqətləri üzərində cəmləşdirir, amma Edvard adlı gənc bir başqa enerjisi ilə fərqlənir. Fantastik qəzadan onu xilas etməsi, qeyri-adi hərəkətləri, maqnit kimi cəzbetmə qüvvəsi, aşırı kobudluğu və barəsində dolaşan qorxunc əfsanə... Amma az keçmədən bunun əfsanə olmadığı anlaşılır. Bəli, Edvard Kallen vəhşi heyvanların qanını içən vampirdir. Bu qorxunc həqiqəti öyrənən Bella isə ondan vaz keçmək istəmir. Sanli pərvanə özünü oda yaxan kimi... Edvard hər nə qədər bu münasibətdən uzaq durmağa çalışsa da, alınmır. Amma qorxur, bilir ki, bir gün özünü saxlaya bilməyib, sevdiyi qızın da qanını içə bilər... (Əsərin süjet xəttini sona qədər yazmıram... Çünki bu, oxucu həyəcanını, gözləntisini azalda bilər. Üstəlik, kitab oxumaq gözəldir. O gözəlliyi hər kəs yaşasın istərəm-S.T).
Yeniyetmələrin bir-birinə sevgilərini ilk etiraf etdikləri vaxtda belə təlaş onları rahat buraxmır. "Bu, doğru deyil, xətalıdır. Mən təhlükəliyəm, Bella" deyən Edvarda gənc qızın cavabı da gözlənilən olur: "Sənin nə olmağının mənə fərqi yoxdur. Artıq çox gecdir..."
Vampir oğlanın sevgisi nə qədər qorxulu olsa da, içində insani, saf duyğular bir o qədər çoxdur. Qorxusu, təlaşı, incitmə əndişəsi ilə saf bir sevgi. "Sənə demişəm, bir yandan mənim kimi acınacaqlı varlığın sənə qarşı olan aclığı - əslində susuzluq yanğısı buna imkan vermir. Və düşünürəm ki, bunu müəyyən dərəcədə anlamağa qadirsən. Amma başqa cür aclıq da var. O aclığı anlamıram, o aclıq mənə yabançıdır" -edvardvari etiraf, narahatlıq... Qorxunc olsa da, gözəl deyilmi?
"Alatoranlıq"ı oxuyanda keçirdiyim hissi təxminən belə təsvir edərdim: kitabı bitirən kimi onu yenidən oxuyacağımla bağlı özümə verdiyim söz və həm də sonunun necə olacağını bilmədiyim üçün onu əlimdən qoymaq istəməməm, üstəgəl çox maraqlı olduğu üçün heç bitməsin arzusu...
Bilənlər bilir: "Alatoranlıq" seriyasını sevənlər qədər ona nifrət edənlər də var. Amma sonuncuların bir özəlliyi var: onlar nifrət edə-edə kitabları oxuyur, filmləri də izləyirlər. Bununla bağlı dünya xəbərlər proqramında dəfələrlə süjetlər, xəbərlər izləmişəm. Bunu inkar edə bilmərik. Doğrudur, bəzən yeniyetmələrin hissləri şişirdilmiş kimi görünsə də, yazar gerçəkdən hər anında sizi hekayənin içinə alır. Onlarla birgə qəzaya düşür, meşənin içində azır, təhlükəli insanlarla qarşılaşır, macəranın dibini görürsüz. Yəni, sizi gözləyən klişe bir ərgən sevgisi deyil. Macəra, təhlükə dolu bir hekayədən bəhs edilir. Qəhrəmanlar o təhlükədən qurtulanda rahat nəfəs almanız, sevgi epizodlarından təsirlənməniz də bu hekayənin iştirakçısına çevrilmənizdəndir.
Azərbaycan oxucusu daha öncələr bu kitabları rus və ya Türkiyə türkcəsində oxuyurdu. Mən bu yay Stefani Mayerin "Alatoranlıq" əsərini Teas Press Nəşriyyat evinin "Yay" nəşrlərindən əldə etdim. Kazım Səlimovun tərcüməsində, qüsursuz, dil, orfoqrafiya xətalarından uzaq və hər şeydən vacibi, təmiz Azərbaycan dilində. Jurnalistika ilə məşğul olanlar (xüsusən də filologiya təhsilli) üçün bu, çox önəmli detaldır. Bəzən yanlış bir ifadə, xətalarla dolu cümlələr insanı kitabdan soyudur, uzaqlaşdırır. Ən yaxşı halda "ondansa türk(rus) dilində oxuyaram" seçiminə vadar edir. Ən pis halda isə ümumən oxumursan...
Canınız sıxılırsa və bir az da gerçək dünyadan uzaqlaşmağa ehtiyacınız varsa, dünyanın "Alatoranlıq" hissəsinə keçin deyirəm, mən... Uduzmassınız. Özünüzə yeni dost, bəzən yol yoldaşı, bəzən isə sirdaş tapacaqsınız, əmin olun...