Facebook Instagram

Müharibə meydanında eşq

Cəlil Cavanşir

Lui de Bernyerin “Kapitan Korellinin mandolinası” romanı haqqında...

Hadisələr II Dünya Müharibəsi dövründə baş verir. İtaliyalı bir əsgər olan Karlo qorxaq və çəkingən olmaqla yanaşı həm də homoseksualdır və Françesko adlı əsgər yoldaşına aşiq olub. Eşq əzabı çəkən bu iki gəncin həyatı onları Yunanıstana göndərildikdən sonra dəyişir. Karlonun bu əməliyyata seçilməsinin səbəbi cəsarətsizliyi olsa da, o bütün çətinliklərə və təhlükələrə baxmayaraq sağ qalır. Amma sevdiyi Françesko bu döyüşlərdə öldürülür...

Korelliyə heyran olan Pelegiya
Əməliyyatdan dərhal sonra Karlo Kapitan Korelli ilə birlikdə Yunanıstanın unudulmuş, sakit bir guşəsi olan Kefaloniya adasına göndərilir. Kapitan Korelli adanın nüfuzlu adamlarından olan həkim İannis və qızı Pelegiyanın evinə yerləşir. Pelagiya evlidir və ərinin müharibədə olması onların arasındakı sevgiyə soyuqluq gətirib. Üstəlik Kapitan Korellinin davranışlarına heyran olan xanım get-gedə ona aşiq olmağa başlayır. Təlatümlü bir hisslərin ağuşunda olan Pelegiyanın eşq iztirabı çəkdiyi günlərdə əri yaralı halda müharibədən qayıdır.
Bu gizli sevginin alovlandığı ərəfədə adaya alman ordusu müdaxilə edərək italyanları geri çəkilməyə məcbur edirərək, təslim olanları güllələmək qərarına gəlir. Hamının gözü qarşısında güllələnən italyan əsgərlərinin arasında Kapitan Korelli də var. Əsərin oxucusu məhz bu anda ona cəsarətsiz kimi təqdim edilən Karlodan gözlənilməyən bir addım görür. Karlo öz gövdəsini sipər edərək ağır yaralı Korellini ölümdən qurtarır...

Məhəbbətin alovlanması
Yaralı Korellini yenidən həkim İannisin evində gizlədirlər. Həkim əlindən gələni edərək onu həyata qaytarır. Hətta yaralarını tikmək üçün Korellinin mandolinasının simlərindən istifadə edirlər. Kapitan sağaldıqdan sonra isə gizlin olaraq İtaliyaya qaçmasına şərait yaradırlar. O mandolinası Pelegiyaya xatirə olaraq qoyur və mütləq geri qayıdacağına söz verir...

Tabulara meydan oxumaq
Bernyerin bu romanı sadəcə Korelli və Pelegiyanın sevgisi üzərində qurulmayıb. Əsərdə bir çox tarixi şəxslərin, dövlət başçılarının obrazı yaradılıb. Bu baxımdan romanı tarixi roman kimi də qəbul etmək olar. Əsərin təməl ideyası sevginin qələbəsi olsa da, hadisələrin inkişafını izlədikcə müharibəyə olan nifrət daha da artır.
Roman ciddi ədəbiyyat nümunələrini sevən, mütaliədən zövq alan oxucu üçün əvəzsiz nümunədir.

Çətin oxunan möhtəşəm romanın uğuru
1995-ci ildə roman müəllifinə Böyük Britaniyanın ən nüfuzlu ədəbiyyat mükafatı hesab olunan “Commonwealth Writers” Mükafatını qazandırıb.
2011-ci ildə BBC-nin tərtib etdiyi, “200 ən yaxşı roman” siyahısına düşən, ingilis dilində yazılmış ən çətin oxunan kitablardan biri hesab olunan, ingilis yazıçısı Lui de Bernyerin “Kapitan Korellinin mandolinası” romanı, 2017-ci ildə “TEAS PRESS” nəşriyyatında işıq üzü görüb. Kitabı ingilis dilindən tərcümə edən, Sevil Gültəndir.