Facebook Instagram
Azərbaycan dilində
ISBN: 9789952520910
452 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 10.00 AZN

Yaşayan ölülər

Harlan Koben

“New York Times”in 1 nömrəli bestseller yazarı Harlan Koben növbəti nəfəskəsici əsəri ilə oxucuların hüzuruna gəlir. Triller janrındakı bu romanda müəllif bütün zamanlarda birmənalı cavabı olmayan suala toxunub: hansı daha yaxşıdır – acı həqiqət, yoxsa şirin yalan? Harlan Kobenin “Mayron Bolitar” triller seriyasının ilk kitabı “Vasitəçi” 1995-ci ildə işıq üzü görüb. Sözügedən əsərin qəhrəmanı tezliklə milyonların rəğbətini qazanır. Bundan ruhlanan müəllif digər romanlarında da eyni personaja müraciət edir.
İxtisasca hüquqşünas olan Mayron Bolitar fəaliyyətə əvvəlcə idman agenti kimi başlasa da, bacarığı və istedadı sayəsində işini böyüdür, öz şəxsi biznesini qurur. Olduqca dürüst və namuslu insan olan qəhrəmanımız insanlarda sədaqət və vəfalılıq prinsiplərinə böyük önəm verir, dostlarının və ona müraciət edən müştərilərinin istənilən problemini həll etməyə çalışır. Hətta lazım gələndə onları xilas etmək üçün öz həyatını belə təhlükəyə atır.

Keçmiş tennis ulduzu Syuzi T. hamiləliyinin 8-ci ayındadır. O və əri, rok ulduzu Leks körpələrinin dünyaya gəlişini səbirsizliklə gözləyirlər. Amma Syuzinin feysbuk səhifəsində naməlum şəxsin yazdığı məşum iddia – dünyaya gələcək körpənin başqa kişidən olması xəbəri cütlüyün həyatını alt-üst edir. Syuzi ailəsini, eyni zamanda ərinin həyatını qurtarması üçün Mayrona müraciət edir. İsti izlərlə Leksi tapan Mayron təsadüfən izini çoxdan itirdiyi və bir daha görməyəcəyini sandığı başqa bir şəxslə – qardaşı arvadı Kitti ilə rastlaşır. O Kitti ki, uzun illər öncə Mayronun qardaşına qoşulub Bolitar ailəsini tərk etmişdi. Atası xəstəxanada ölümlə çarpışarkən qardaşını axtaran Mayron bu yolda bir sıra çətinliklərlə üzləşir, amansız qatillərlə ölüm-dirim mübarizəsinə çıxır.
Əvvəlki əsərlərdən Mayron Bolitarı tanıdığını iddia edən oxucular əmin ola bilərlər ki, müəllifin yeni əsərini oxuyandan sonra yanıldıqlarını etiraf edəcəklər. Olduqca maraqlı hadisələrin cərəyan etdiyi, oynaq üslubda qələmə alınmış “Yaşayan ölülər” əsəri bunu deməyə əsas verir ki, Harlan Koben bizləri hələ çox təəccübləndirməkdə davam edəcək.