Facebook Instagram

Jan Kristof Qranje

Jan Kristof Qranje bütün dünyada kəskin süjetli detektiv romanların müəllifi kimi tanınır. İndiyə qədər 12 romanı çapdan çıxan fransalı yazıçının əsərləri milyonlarla nüsxə tirajla yayılıb. Həm də ssenarist kimi fəaliyyət göstərən Qranjenin romanları əsasında 6 film çəkilib. Yaradıcılığa jurnalist kimi başlayan Jan Kristof Qranje "Paris Match", "Sunday Times" və "National Geographic" kimi mötəbər nəşrlərin xüsusi müxbiri olub. Müxtəlif ölkələrin həyatından hazırladığı reportajlar yazarı çox tezliklə məşhurlaşdırıb, ona bir sıra nüfuzlu beynəlxalq mükafatlar, o cümlədən "Reyter" (1991) , "World Press" (1992) və "Prix RTL Grand Public" (1998) mükafatlarını qazandırıb. Bu reportajları Qranjenin sonrakı ədəbi fəaliyyəti üçün ilham mənbəyi rolunu oynayıb. İlk romanını 1994-cü ildə qələmə alan yazıçı öz əsərlərində əsasən beynəlxalq terrorçuluq, siyasi ekstremizm və qapalı dini təşkilatların şübhəli fəaliyyəti kimi aktual mövzulara toxunur.